İçilməmiş şərab — 2

Hadisədən bir neçə gün əvvəl şərab alıb saxlamışdım ki, rəsmi nigah bağladıqdan sonra xoşbəxt günümüzü qeyd edək. Stolun üstünə iki ədəd qədəh, şam və şərabı səliqə ilə qoymuşdum. O şərab bizim üçün hər şey idi, sanki bizim bütün arzularımızın, xəyallarımızın açarı idi. Həmin şərab bizə sanki təslim olmamaq üçün güc verirdi. Və şərabı içmək üçün çox səbirsizlənirdik. Amma zaman keçdikcə vəziyyət hər dəqiqə dəyişirdi. Dəyişən o idi ki, şərab içilməmiş stolun üstündəcə qalmışdı. Polislərin gec-tez bizi tapacaqlarını bilirdim. Ona görə ətrafa öncədən göz gəzdirmişdim. Eyvanımızın yanında yanğın nərdivanı var idi. Beşinci mərtəbədə olduğumuz üçün düşüb qaçmaq üçün vaxta ehtiyacım var idi və ona görə də polisləri saxlamaq lazım idi. Ümrəyə vaxt qazandırmaq üçün mən evdə qalıb qapının arxasında polislərlə danışıb onları yubandırmalı oldum.

— Ümrə, mənə qulaq as, sən qaç, birinci qarşına çıxan taksiyə otur və telefonu da açıq saxla …

— Yox, sənsiz heç yerə getməyəcəm.

— Qulaq as mənə, ikimiz birlikdə qaça bilməyəcəyik. Mən bizə vaxt qazandırmalıyam. Vaxtımız azdır, sən qaç, mən bir şey fikirləşəcəyəm. Otur taksiyə, get Əmircana, orada qatar stansiyasında məni böyük ümidlərlə gözlə.

Ümrəni yola saldıqdan sonra artıq özüm də qaçmalı idim. Amma çox vaxtım yox idi. Səssiz binada polislər qapını sındıraraq hüzuru pozurdular. Tez çıxdım eyvana, yanğın nərdivanı ilə aşağı düşməyim gec olacaqdı və ona görə də nərdivanla binanın damına çıxdım. Gizlənməyə yer tapa bilmədim ona görə də su çənlərinin birinin içinə bir göz qırpımında daxil oldum. Təxmini 15 dəqiqə keçmişdi ki, polislər də dama qalxdılar, ancaq çox qalmadılar və bir müddətdən sonra getməyə məcbur oldular. Axşama kimi çənin içində gizləndim. Hava qaralandan sonra çirkli havaya doğru çıxmış oldum.Məhəllədə sakitçilik idi. Ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra binanın damından düşdüm. Ümrədən çox narahat idim, ondan necə xəbər alacağım barədə beynim fikir verə bilmirdi. Bir mobil telefonumuz var idi. Onu da Ümrəyə vermişdim. Məhəllənin kölgə düşən qaranlıq hissəsi ilə komendantın otağına tərəf irəliləməyə başladım. Ümrə ilə əlaqə saxlamağım üçün yeganə ümid komendantın telefonunu oğrulamaq idi. Komendantın otağının arxasında 3 dənə yekə zibil qabı vardı. Mən də o zibil qablarının arxasında oturub onun bayıra çıxmağını gözləyirdim. Çox yorğun idim, necə yuxuladığımı belə xatırlamıram.Birdən komendantın qışqırıq səsinə oyanmalı oldum. O, kiməsə hirslənib qışqıra-qışqıra binanın axırına doğru qaçırdı. Bunu bir fürsət olduğunu hiss etdim və daxil oldum komendantın otağına. Telefon elə stolun üstündə qalmışdı. Cihazı söndürüb cibime qoydum və oradan uzaqlaşdım. Uzaqdan yol kənarında tək dayanan taksi gördüm. İlk öncə istədim yaxınlaşım, amma qarşıdan gələn post-patrul xidmətinin maşınını gördüm və ona görə də yaxınlıqdakı binanın zirzəmisinə girməli oldum. Bir az nəfəsimi dərəndən sonra telefonu yandırdım, Ümrəyə zəng etdim, lakin zəng çatmırdı. Saat bir radələrini göstərirdi. Ümrəni yola salmağımdan 15 saat keçmişdi. Ondan çox narahat idim və narahatçılıq ürəyimi çox sıxırdı, gözlərim dolmuşdu, çarəsiz vəziyyətə düşmüşdüm. Beynim Ümrənin Əmircanda qatar stansiyasında olacağını qəbul etməyə çalışırdı.Bir neçə dəfə həmin stansiyanın platformasının zirzəmisində gecələmişdik, oranın təhlükəsiz olduğunu bilirdim və orada bizi heç kəsin axtarmayacağını bilirdim. Onun üçün də Ümrəni ora göndərmişdim.Saatın əqrəbləri artıq üçə doğru dönmüşdü. Yolda maşınların gediş-gəlişi azalmışdı. Binanın zirzəmisindən çıxdım və yola tərəf getməyə başladım. Ümrəyə hələ də zəng çatmırdı, çox narahat olduğumu bütün bədənimlə hiss edirdim və ona bir şey olsa, özümü bağışlaya bilməyəcəkdim. Yol kənarı ilə getməyə başladım. Xeyli yol gedmişdim ki, arxadan gələn “Moskviç” markalı maşın yanımdan keçib qabaqda saxladı. Maşından 45-50 yaş arası bir kişi düşüb tez-tez mənə tərəf gəlməyə başladı. Bədənimdən soyuq tər axdı. Sanki kişinin mülki geyimdə polis olduğunu düşünmüşdüm. Yerimdə duruxub ancaq qarşı istiqamətə baxırdım.

— Bacıoğlu, bilmirsən, Airoport trasına necə çıxım? Kişinin sualı məni biraz sakitləşdirdi

— Dayı, mən də o tərəfə gedirəm, gəl gedək yolu göstərərəm. Məni də imkan olarsa, yolüstü “Komsomolskiy” kruqda düşürdərsən.

— Hə bacıoğlu, niyə də olmasın, gəl gedək.

Bu mənim üçün bir surpriz oldu. “Komsomlskiy” dairəsində düşüb Əmircan qatar stansiyasına piyada gedəcəyimi planladım. Gedib orada Ümrəni görmək üçün çox səbirsizlənirdim. Dayanmadan Ümrəyə bir neçə dəfə zəng edirdim, amma yenə də sevdiyim qadına zəng çatmırdı. O qədər narahat və səbirsiz idim ki, bir saatlıq yol mənə 4 – 5 saatlıq kimi gəldi.

— Dayı, zəhmət olmasa, qabaqda keçiddə məni düşürdərdən.

— Yaxşı, bacıoğlu, bilmirəm sən olmasaydın, mən yolu necə tapardım. Çox sağ ol hər şey üçün.

“Komsomlskiy” dairəsində düşüb qalan yolu piyada getməyə başladım. Qatar yolu ilə gedirdim, artıq “Bülbülə” stansiyasına çatmışdım. Saat 04:30 idi.Yenə Ümrəyə zəng etdim, amma zəng çatmırdı. Bilmirdim ki, özümə necə təsəlli verim. Düşünürdüm ki, yəqin telefonun enerjisi bitib. “Əmircan” qatar stansiyasına çatanda platformanın zirzəmisinin qarşısında dayanmışdım. Həyacandan içəri keçməyə çəkinirdim. Zirzəmiyə girib Ümrənin orada olmayacağından çox qorxurdum. Əllərim və ayaqlarım dəhşətli dərəcə də əsirdi.Axır ki, birtəhər özümü toplayıb zirzəmiyə daxil olmaq qərarına gələ bildim.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *