İçilməmiş şərab — 5


Kiçik bir otağa saldılar məni. Otaqda stol və qarşı-qarşıya dayanan iki stul var idi. Otaqda elektrik lampası olmasına baxmayaraq alaqaranlıq idi. Dörd tərəf beton divar və yalnız bir nəfərin keçə biləcəyi dəmir qapı var idi. İçəri çox soyuq və rütubətli idi.
Stulun birində əyləşdim. Nəzarətçi otaqdan çıxıb qapını arxadan bağladı. Otağa sükut çökmüşdü. Divarda və yerdə olan qan ləkələri insanı vahiməyə salırdı. Təxminən 10 dəqiqədən sonra qapı açıldı. İçəri ucaboy 50 – 55 yaş arası bir kişi daxil oldu.
Saçları və saqqalı ağarmış, simasında isə illərin əzabı cəmləşmişdi. Çox zəhmli görünürdü. Əynində səliqəli, qara rəngli pəncək var idi. Biləklərində qandal və barmaqlarında üzük döymələri var idi. Saçlarının çox olmasına baxmayaraq qaşının üstündə və başında iri çapıqlar
olduğu aydın şəkildə gözə çarpırdı.
Asta və ağır addımlarla stula yaxınlaşdı və oturdu. Otaqda ikimiz idik. Və sakit səslə:

-Oğlum, sən məni tanımırsan, amma mənə diqqətlə qulaq as. Sənin məhkəmən olana kimi sən təcridxanada qalacaqsan, məhkəməyə kimi tez-tez yanına gələcəyəm, nə kömək lazımdırsa, edəcəyəm. Düzdür, sən cinayət törətmisən, insan ölümünə görə səni uzunmüddətli həbsxana həyatı gözləyir.

Amma heç nədən qorxma, heç öldürdüyün şəxsə görə də peşman olma, hətta bunu məkəmədə də de. Sənin öldürdüyün adam it kimi gəbərməli adam idi. O, kim idi, nəçi idi, zaman gələndə özün biləcəksən. Sənin artıq həbsxanada yolunu gözləyirlər, səni artıq tanıyırlar.

Fərqi yoxdur, hansı həbsxanaya gedəcəksən. Səni orada hörmətlə qarşılayacaqlar. İndi isə mən getməliyəm amma mütləq qayıdacağam. Heç nədən qorxma, möhkəm ol.


Kişi ilə cəmi 5 dəqiqəlik söhbətimiz olsa da, sanki içimdə güvənib etibar edə bilərəm hissi yaranmışdı. Heç adını belə bilmədiyim, bir neçə dəqiqə danışdığım insana necə etibar edəcəyimi heç yatsam yuxuda belə görməzdim. Sanki öz danışığı və səmimiliyi ilə məni ovsunlamışdı.

Kişi otaqdan çıxan kimi dərhal nəzarətçi içəri daxil olub qolumdan tutaraq məni yenidən barmaqlıqları olan otağa apardı. Mənimlə söhbət edən kişi heç cür ağlımdan çıxmırdı. O kim idi? Nə ilə məşğuldur? Məni haradan tanıyır? Mənə niyə kömək etmək istəyir – kimi suallar məni rahat buraxmırdı. Bir tərəfdən də ürəyimi parçalayan Ən böyük dərd Ümrənin aqibəti idi. Mən mütləq Ümrənin yanına getməli idim, mütləq qaçmaq üçün bir şey fikirləşməli idim. Amma necə? Lap qaça bilsəm belə mən necə Ümrənin yanına gedim? Ora getsəm belə məni tutacaqlar.

Axı nə edim? Necə edim?
Gecədən bir qədər keçmişdi. Birdən bayırdan güclü partlayış səsi gəldi. Bir neçə dəqiqədən sonra artıq içəriyə doğru tüstü girməyə başladı. Ardı-arası kəsilməyən güllə səsləri gəlirdi. Birdən nəzarətçinin təngnəfəs qan içində qaça-qaça içəriyə doğru gəlməyini gördüm.
Barmaqlıqları açaraq “Cəld çölə çıxın”-deyə qışqırmağa başladı. Nə baş verdiyini başa düşmək çox çətin idi. Hərə bir tərəfə qaçışırdı. Bəlkə bu mənim qaçmağım üçün fürsət idi. Çöl qapısı tərəfə qaçmaq istədim, amma oranı tüstü duman götürmüşdü, göz-gözü görmürdü. Ora qaçmağım çox təhlükəli idi.

Amma risk etmək qərarına gəldim. Dəhliz boyu çöl qapısına doğru qaçmağa başladım. Qapıya yaxınlaşdıqca yerdə bir neçə polisin qan içində uzanan cansız bədənlərini gördüm. İrəlidə artıq nə baş verdiyini düşünmək belə dəhşətli idi. Artıq irəliyə doğru getmək ağılsızlıq olardı. Yenidən geri qayıtdım. Otağa daxil olanda isə mənimlə bir barmaqlıqlar arasında olan iki nəfərin cansız bədənini yerdə gördüm. Nəzarətçi isə ağır nəfəs alaraq qan içində bir küncdə oturmuşdu. Nə edəcəyimi bilmirdim, artıq qaçmaq fikrindən də daşınmışdım, çünki yaralı, qan içində olan nəzarətçini öz ölümünü gözləməsi ilə baş-başa buraxa bilməzdim. Cəld nəzarətçinin qolundan tutaraq ayağa durquzdum və pilləkənlə yuxarıya doğru çıxmağa başladıq. İkinci mərtəbədə otaqların birinə girdik. Aşağıdan gələn güllə səsləri get-gedə artmağa başladı və bir neçə güclü partlayış səsi gəldi.

Binanın arxa tərəfinə baxan otağın pəncərəsini açıb çölə baxdım, binanın arxa tərəfi qaranlıq olsa da, ön hissəsində olan yanğının işığı düşürdü. Pəncərədən rahatca çölə düşmək mümkün idi. Güclə nəzarətçiyə kömək edərək onu pəncərədən düşürtdüm. Binanın arxa tərəfi ilə həyətin hasarına doğru getməyə başladıq. Hasara çatanda artıq binanın ön hissəsi bir azca görünməyə başladı. Binanın qarşısında xüsusi təyinatlı dəstənin və təcili yardımın maşınını gördüm. Təhlükənin sovuşduğunu düşündüm. Nəzarətçiyə dedim:

-Ora bax.. Xüsusi təyinatlıları görürsən? Təcili yardımda artıq gəlib, sən get onların yanına. Sənə kömək edəcəklər. Mən isə qaçmalıyam, mütləq bunu etməliyəm, məni düzgün başa düş.

Nəzarətçi isə ağır nəfəs alaraq sakitcə gözlərimə baxırdı. Onu yerə otuzdurdum və hasara çıxmağa başladım. Polis bölməsində cəmi bir neçə saat keçirməyimə baxmayaraq sanki neçə illərdir ki, azadlıqdan məhrum olunmuşdum. Hasarın digər tərəfindən isə azadlıq qoxusu gəlirdi.

Bir neçə saniyəlik hasarın üstündə duruxdum və birdən arxadan isti bir zərbə hiss etdim, sanki kimsə qaynar çəkiclə kürəyimdən vurdu. Hasardan ağzıüstə yerə yıxıldım və sanki dünya gözümdə söndü. Get-gedə qulağımdakı səslər də azaldı.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *