İçilməmiş şərab — 6


Reanimasiyada neçə gün keçirdiyimi bilmirəm, hətta ayın və həftənin günlərini belə itirmişdim. Bu gün isə məni palataya köçürdülər. Hospitalda ayıldığım gündən əllərim qandallı idi. Yanımda isə iki dənə polis mühafizəçisi vardı. Hospitalda ancaq dustaqlar yatdığı üçün, xüsusi mühafizə olunurdu. Buradan nəinki qaçmaq, heç palatadan çölə çıxmaq mümkün deyildi.

Kürəyimdəki güllə yarası artıq sağalmaq üzrə idi. Tezliklə, məni yenidən həbsxanaya göndərməli idilər. 2 həftə sonra isə məhkəməm olmalı idi. Ümrədən isə heç bir xəbərim yox idi, amma gec ya da tez Ümrə ilə əlaqə yarada biləcəyimə çox ümid edirdim.
Yeganə çıxış yolu mənimlə görüşə gələn kişiyə bu barədə məlumat verməyim idi, lakin polis bölməsində olan hadisədən sonra o kişidən heç bir xəbər yox idi. Gözüm elə qapıya baxaraq qalmışdı. Burdakı dustaqlara bağlama gəlsə də, heç kimin görüşə getməsini görməmişdim. Yəqin ki, hospitalda görüş qadağan idi, amma yenə də ümidimi itirməmişdim.
Nəhayət palatada yatdığım 3-cü günü mühafizəçilərdən biri mənə telefon gətirdi.
-Telefonu yanında saxla, indi sənə zəng edəcəklər, 10 dəqiqədən sonra isə gəlib götürəcəm.
Gözlərimə sanki işıq gəldi. Axır ki, Ümrədən xəbər ala biləcəm deyə çox sevindim. Çox keçmədən telefon zəng çaldı.

-Salam, mənəm, səninlə polis bölməsində görüşmüşdük.

-Bəli, bəli, tanıdım, çox sağ olun ki, zəng elədiniz.


-Qulaq as mənə, polis bölməsində olan hadisələr sənə görə idi. Vaxtında gizlənə bilmisən, amma təhlükə sovuşmayıb. Belə hadisələrin yenidən təkrarlanması gözləniləndir, ona görə ayıq-sayıq ol. Sən məhkəmən olub həbsxanaya gedənə kimi özün özünü qorumalısan. Həbsxanada isə bizim adamlarımız bacardıqları qədər səni qoruyacaqlar. Ümrədən isə narahat olma, onu hələki heç bir təhlükə gözləmir. Düzdür, vəziyyəti bir az ağırdı amma onun bütün xərclərini və mühafizəsini özümüz təmin edirik. Əsas odur ki, məhkəməyə qədər sağ qalmağı bacar. Həbsxanada isə adamlarımız bir şey fikirləşəcəklər.

-Bəli, mən sizi başa düşdüm, amma çox xahiş edirəm, mənə deyin siz kimsiniz axı niyə mənə kömək edirsiniz?

-Oğlum, bu cür suallarla özünü yorma, vaxt gələndə hər şeyi biləcəksən. Əsas dediklərimi unutma. Sağ ol


Telefon danışığından sonra bir az sakitləşdim. Mənim üçün əsas Ümrənin təhlükəsizliyi idi.
Mənimlə bir palatada Tulen (Su iti) ləqəbli 35-40 yaş arası bir oğlan yatırdı. Qısa müddət ərzində çox doğmalaşmışdıq. Tulen – in cəza müddəti artıq bitmək üzrə idi. Həyat onu da öz amansız sınağına çəkmişdi.
Ömrünün 8 ilini həbsxanada keçirmişdi.
Tez- tez şaşki (dama) oynayırdıq, hər dəfə onu udanda hirslənirdi. Samirə adlı bir tibb bacısı vardı, şaşkini o gətirmişdi bizə. Ümumiyyətlə, tibb bacısı mənim uşaq evindən buraxıldığımı və kimsəsiz olduğumu bilirdi, ona görədə mənə tez-tez meyvə, şirniyyat və.s gətirirdi.
Artıq tam sağalmışdım. Tibb bacısının dediyinə görə artıq sabah məni həbsxanaya göndərəcəklər. Saat 13:00 idi. Nahar vaxtı idi, yenicə yemək istəyirdim ki, birdən qapı açıldı və içəri iki hündür boy oğlan, yanlarında isə dörd polis çavuşu içəri girdi.

-Əliyev, bütün ləvazımatlarını yığ, sən bizimlə gedirsən.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *